Almaniyada Təhsil
Dünyanın əsas texnologiya nəhənglərindən olan Almaniyada təhsil almaq xaricdə oxumaq istəyən əksər gənclərin arzusudur. İqtisadiyyat, tibb və hər növ texnologiyalar üzrə dünyada öz sözünü demiş və ön sıralarda yer alan Almaniya, öz spesifik təhsil sistemi və yüksək keyfiyyətli tədris metodikası ilə xarici tələbələri özünə cəlb etməkdədir.
Almaniyada orta məktəblərdə təhsil müddəti 13 ildir. İkinci dünya müharibəsindən sonra iqtisadiyyata ağır zərbələr dəysə də, almaniya hökumətinin unikal sosial-iqtisadi addımları və alman xalqının işgüzarlığı, dəqiqliyi sayəsində təhsil sahəsinə həddən çox investisiyalar edildi. Nəticədə orta məktəb təhsilindən tutmuş ali təhsilin ən üst pillərinə qədər təhsil sistemləşdirildi və inkişafı təmin edildi. Təsadüfi deyil ki, müxtəlif dünya ölkələrindən olan tələbələr Almaniyada bakalavr, magistr və doktorantura təhsili almaq üçün müraciət edirlər.
Bu gün Almaniyada 380-ə yaxın universitet və tətbiqi yönümlü ali məktəblər (Fachhoschulen) fəaliyyət göstərir. Almaniyada bəzi univesitetlərin tarixi orta əsrlərə qədər gedib çıxır. Hal-hazırda yüksək ixtisaslı müəllim-mütəxəssis heyəti, yüksək texnologiyalardan geniş istifadə və dayanıqlı universitet infrastrukturunun mövcudluğu sayəsində alman universitetləri dünyada öncül sıralarda yer alır.
Universitetlərdə ali təhsilin hər 3 pilləsi tədris edilir:
- Bakalavr (Bachelor of Sciences) – 6 semestrlik təhsil verir.
- Magistr (Master of Sciences) – seçilən proqramdan asılı olaraq 2-4 semestr davam edir.
- Doktorantura (PhD) – seçilən proqramdan asılı olaraq 4-6 semestr müddətini əhatə edir.
Almaniyada bakalavr təshili dövlət universitetlərində pulsuzdur, yalnız 250€ hər semestrdə universitetlərə təşkilatı işlər üçün ödəniş edirsiniz. Özəl universitetlərdə isə illik təhsil haqqı ortalama 20.000€ təşkil edir.
Magistr təhsili bəzi alman universitetlərində pulsuzdur, lakin çox zaman magistr təhsil almaq üçün illik təhsil haqqı dövlət universitetlərində 20.000€, özəl universitetlərdə isə 30.000€ təşkil edir.
Almaniyada doktorantura təhsili bütün universitetlərdə tam ödənişsizdir. Tələbələr yalnız administrativ xidmətlər üçün hər semestr 150-200€ ödəniş etməlidirlər.Hər il 3600-a yaxın tələbə burada doktorantura təhsili alır.
Bəs, niyə Almaniyada ali təhsil almağa dəyər?
- ✓ Yüksək səviyyəli təhsil – Alman universitetləri mükəmməl öyrətim metodları və araşdırma mühiti ilə tələbələrə dünya reytinqində təshil almaq imkanı yaradır. Siz bu universitetlərdən birini bitirsəniz, qlobal səviyyədə diplomunuz tanınacaq və iş imkanlarınız əhəmiyyətli dərəcədə yüksələcəkdir.
- ✓ İxtisas seçimində müxtəliflik – Alman universitetlərinə hansı sahə üzrə oxumaq istəyəcəyinizdən asılı olaraq həddən çox imkanlar var. Geniş areallı beynəlxalq təhsil proqramları ixtisaslaşmağınız üçün lazımi şərait yaradır. Siz, alman diliylə bərabər, ingilis dilində də pulsuz təhsil ala bilərsiniz.
- ✓ Praktika əsaslı təhsil – Alman universitetləri tələbələrə praktika yönümlü təhsil təqdim edir. Belə ki, bir çox alman universitetləri ayrı-ayrı şirkətlərlə əməkdaşlıqda çalışır, təhsil alan tələbələr həmin şirkətlərə peşəyönümlü təcrübə proqramlarına göndərilir. Nəticədə tələbələr öyrəndikləri bilikləri real praktikada tətbiq etməklə, karyera inkişaflarına elə buradan başlaya bilirlər.
- ✓ Universiteti bitirdikdən sonra qalıb işləmək imkanı – Ali təhsilinizi bitirib, diplomunuzu əldə etdikdən sonra Almaniyada qala və işləyə bilərsiniz. Qanun çərçivəsində Almaniyada 18 ay qalmaq və iş axtarmaq üçün icazə verilir və arzu etsəniz, bu müddəti uzada bilərsiniz.
- ✓ Özünüzü yenidən kəşf edəcəksiniz – Almaniyada təhsil aldığınız müddətdə dərsdaxili və dərsdənkənar özünüzü inkişaf etdirməyiniz üçün bir çox imkanlar var. Siz intellekt qabiliyyətinizi və fərdi bacarıqlarınızı sərbəst şəkildə və inkişafameyilli tələbə mühiti daxilində inkişaf etdirəcəksiniz.
- ✓ Təhlükəsizlik təminatı – Digər ölkələrlə müqayisədə, Almaniya yetərincə təhlükəsiz dövlətdir. İstədiyiniz şəhərə, yaxud kənd yerinə gecə-gündüz demədən rahatca səyahət edə bilərsiniz. Xaricə gedərkən əsas arzumuz təhlükəsiz şəraitdə qalmağımız olduğundan, Almaniyanın yerli və xarici əhali üçün yaratdığı siyasi-iqtisadi stabillik bizə təhsil almaq üçün ən uyğun mühiti yaradır.
Almaniyada təhsil almazdan əvvəl nələri bilməliyəm?
- Almaniyada orta məktəb təhsili 13 il olduğundan, Azərbaycanlı tələbələr minimum 1 il öz universitetlərimizdə ( Anabin adlanan xarici təhsil sənədlərinin tanınması və qiymətləndirilməsi mərkəzi tərəfindən tanınan) yaxud Almaniyanın ölkəmizdə yerləşən “StudentCollege”lərində (tədris yalnız almanca) bakalavr təhsili almalıdırlar ki, Almaniyada bakalavr təhsili üçün müraciət edə bilsinlər.
- Almaniyada əksər dövlət universitetlərində xarici tələbələr üçün həm almanca, həm də ingiliscə təhsil ödənişsiz formada həyata keçirilir.
- Universitetlərə qəbul dövrü ildə iki dəfə – Payız və Yaz qəbulu olur. Payız dövrü üçün qəbulda ixtisasların sayı və müxtəlifliyi Yaz dövrünə nisbətən daha çox olur.
- Almaniya təhsil sistemində hüquq və tibb təhsili istisna olmaqla, bakalavr müddəti 3 illik dövrü əhatə edir.
- niversitetlərə qəbul zamanı beynəlxalq dərəcəli alman dili (TestDAF yaxud DSH) və ingilis dili (TOEFL IBT və yaxud IELTS) sertifikatları tələb olunur. Əlavə olaraq sosial aktivliyiniz, idman dərəcələriniz, könüllülük sertfikatlarınız, məqalələriniz, iş təcrübəniz müraciət zamanı üstünlük sayıla bilər.
- Çox az sayda universitetlər qəbul zamanı GRE/GMAT imtahan nəticəsi tələb edə bilərlər. MBA proqramı isə ancaq ödənişlidir və bu zaman qəbul üçün iş təcrübəsi tələb olunur.
Almaniya universitetlərinə qəbul üçün hansı sənədlər tələb olunur?
Almaniyada təhsil almaq istəyirsinizsə, müraciət üçün qeydiyyat vaxtının bitməsinə ən azı 6 həftə qalmış lazımi sənədləri toplamağınız gərəkdir. Tələb olunan sənədlər aşağıdakılardır:
- ✓ Bakalavr təhsili üçün orta məktəbi bitirdiyinizi göstərən attestat
- ✓ Magistr təhsili üçün bitirdiyiniz bakalavr təhsili diplomu
- ✓ Təhsil aldığınız bakalavr ixtisası və keçdiyiniz fənnləri göstərən sənədin rəsmi təsdiqlə tərcüməsi
- ✓ Rezyume yaxud CV
- ✓ Sənəd şəkli (3*4)
- ✓ Ümumvətəndaşlıq pasportunun kopyası
- ✓ Dil biliyinizi təsdiq edən rəsmi sertifikatlar ( alman dili üçün – TestDAF yaxud DSH; ingilis dili üçün – TOEFL IBT yaxud IELTS)
- ✓ Motivasiya məktubu
- ✓ Rekomendasiya məktubu (minimum 2 fərqli şəxs tərəfindən yazılmalıdır)
- ✓ Tibbi şəhadətnamə (arayış kimi)
- ✓ Əgər varsa sığorta olduğunuz haqqında məktub
QEYD: Müraciət etdiyiniz universitetlərdən asılı olaraq əlavə sənədlər, o cümlədən müraciət üçün ödəniş tələb oluna bilər.
Almaniyada yaşayış xərcləri
Almaniyada yaşayış üçün nə qədər xərcləməyiniz seçəcəyiniz universitetin yerləşdiyi ərazidən asılıdır. Əgər böyük şəhərlərdə oxuyacaqsınızsa, burada qiymətlər olduqca bahadır. Əhalinin az məskunlaşdığı orta və kiçik bölgələrdə yaşayış xərcləri daha ucuzdur. Ümumiyyətlə, Almaniyada yaşam xərcləri digər Avropa ölkələrinə nisbətən əlverişlidir. Belə ki, aylıq təxminən 853 avro ( 957 dollar) lazımi xərclərinizi qarşılamağa kifayət edə bilər.
Tələbələrin üzləşdikləri üç ən böyük xərc yaşayış yeri, qida və səyahətdir. Əgər bunları əvvəlcədən ehtiyatlı şəkildə planlaşdırmağı bacarsanız, qalan xərcləri idarə etmək çətin olmaycaq.
Almaniyanın cənub hissəsi , xüsusən ölkənin ən böyük şəhərlərindən ikisi, Münhen və Ştutqart şəhərləri yaşamaq üçün ən bahalı bölgələr hesab edilir. Məsələn, Ştutqart şəhərində bir nəfərlik kirayə ev 846.43 avro olduğu halda, ölkənin şimalında yerləşən Bremen şəhərində eyni ev 560 avro qiymətindədir. Faizlə müqayisə etsək, Bremen şəhərində kirayə evlərin qiymətləri Ştutqartdan 30 % daha ucuzdur.
Paytaxt Berlin, bir çox Avropa ölkələri paytaxtlarına və digər böyük Alman şəhərlərinə nisbətən elə də bahalı deyil. Berlində ən böyük xərciniz yaşayış üçün mənzillərə çıxa bilər. Bir çarpayılı yaşayış evinin kirayəsi aylıq 795 avro qiymətindədir. Almaniyanın şərqində yerləşən Leypsiq daha əlverişli yaşam qiymətlərilə nəzərə çarpır. Leypsiq şəhərində kirayə mənzillər Ştutqartdan 40%, Düsseldorfda isə 20% daha ucuzdur. Şimalda yerləşən Hamburq şəhərində qiymətlər Ştutqart kimi bahadır.
Gəlin, ayrı-ayrı şəhərlərin timsalında yaşam üçün gərəkli məhsul və xidmətlərin müqayisəli qiymətlərini nəzərdən keçirək:
Münhen | Berlin | Hamburq | Frankfurt | |
Kirayə evlər | 1094 €(avro) | 795 € | 838 € | 868 € |
Ağ çörək (500 qr) | 1.43€ | 1.27€ | 1.27€ | 1.29€ |
Restorant məhsulları | 12.25€ | 8.00€ | 10€ | 12€ |
Süd (1 litr) | 0.84€ | 0.79€ | 0.71€ | 0.77€ |
Yumurta (12 ədəd) | 1.71€ | 1.77€ | 1.78€ | 1.61€ |
Taksi – 1 km. məsafəlik | 1.90€ | 2.00€ | 2.00€ | 2.00€ |
Cədvəldəki şərti qiymətləri analiz etdikdən sonra, belə bir nəticəyə gələ bilərik ki, almaniyanın yaşamaq üçün ən bahalı yeri cənub əraziləridirsə, ən ucuz yaşam xərcləri ölkənin şərq regionlarında qeydə alınır. Almaniya bölgələrini ən bahadan ən ucuza doğru bu cür sıralamaq olar:
- Cənub
- Qərb
- Şimal
- Şərq
Digər lazımi xərclər: Almaniyada tələbə olduğunuz vaxtlarda, universitetə, dərs bitdikdən sonra yaşadığınız evə, tələbə yoldaşlarınızla şəhərin müxtəlif yerlərinə gəzməyə, alış-verişə və s. yerlərə getməli olacaqsınız. Lazım olan yerə getmək üçün uyğun nəqliyyat vasitəsi seçmək nəinki vaxtınıza, həmçinin pulunuza qənaət etməyinizə köməklik edəcək. Nəzərdə saxlayın ki, universitetin tələbələrə verdiyi semestr ödənişi avtobus xərclərini qarşılayır. Ancaq şəhərin bir məntəqəsindən digərinə getmək üçün ən sərfəlisi velosipeddir, xüsusən əhalinin sıx məskunlaşdığı şəhərlərdə.
Ortalama ictimai nəqliyyat üçün biletin qiyməti 2.00 avro-dur. Əgər çox zaman eyni marşrut xətti üzrə hərəkət edəcəksinizsə, orta qiyməti 70 € olan aylıq bilet ala bilərsiniz.
Taksi qiymətləri 3.50€ civarındadır. Əgər özünüzə maşın kirayələmək istəsəniz, bilməlisiniz ki, benzinin qiyməti 1.25€ – 1.49€ arasındadır.
Kommunal xərclərə gəldikdə, 1 saatlıq elektrik üçün 29.42€ ödəməli olacaqsınız. Məsələn, sahəsi 85 m2 olan bir mənzildə yaşasanız, ümumi aylıq kommunal xərcləriniz təxminən 216 € olacaq. Kirayə evdə digər tələblərlə qalsanız, kommunal xərcləri öz aranızda bölüşəcəksiniz və çox güman bu xərc aylıq kirayə ödənişinə daxil olacaq, yəni əlavə xərc çəkməli deyilsiniz.
Almaniyada həyat sığortası statuslu olmaq qanunvericilik tərəfindən nəzarətdədir, belə ki, ölkəyə gəldiyiniz ilk günlərdə sığorta olunmaq üçün aidiyyatı orqanlara müraciət etməlisiniz. Həm dövlət, həm də özəl sığorta şirkətləri fəaliyyət göstərir. Sığorta müddətinin və ödənişinin təyin edilməsi Sizin sərbəst seçiminizdir. Aylıq premium sığorta ödənişi 70 – 80 € təşkil edir.
Geyim xərclərindən danışsaq, adi cins şalvarın qiyməti 50 – 100 €, ayaqqabının qiyməti isə 60 – 120 € arasında dəyişir. Yaşadığınız ərazidə özünüzə uyğun geyim və s. mağazaları tapa bilərsiniz.
Əgər müasir texnologiyalar, tibb, iqtisadiyyat nəhəngi olan Almaniya dövlətində ali təhsil alaraq, unikal və yüksək keyfiyyətli elmi təcrübə qazanmaq istəyirsinizsə, çox düşünmədən bizə müraciət edin, “Oxford College” xaricdə təhsil mərkəzi olaraq Sizin üçün gərəkli olan hər cürə dəstəyi göstərək.