İngilis dilində necə səlis danışmaq olar?

Danışığı səlis etməyin bir neçə yolları vardır. Əksər insanlar xarici dil öyrənərkən qrammatika və sözləri əzbərləməyə çalışır. Bütün bu məqamlar ingilis dilini öyrənməkdə böyük rol oynasa da ünsiyyət zamanı başlıca olaraq tələffüz və nitqin səlisliyi əsas götürülür. İngilis dilində hansısa sözü düzgün tələffüz etmədikdə həmsöhbətiniz də sizi düzgün başa düşməyəcək. İngilis dilini 10 ildən çox öyrənən və araşdıran biri kimi sizlər üçün təməl qaydaları bir yerdə toplamışıq:

1. İngilis dilində düzgün tələffüz etmək üçün ilk növbədə yaxşı dinləyici olmaq lazımdır.

İngilis dilində səsli filmlərə, seriallara, xəbərlərə nə qədər çox qulaq assanız, tələffüz və aksentiniz bir o qədər səlis və asan başa düşülən olacaq. Ümumiyyətlə, xarici dil öyrənməyin ən mükəmməl yolu həmin dildə dinləmə bacarıqlarını inkişaf etməkdir. Buna misal olaraq, ana dilimizi qeyd edə bilərik. Körpə ilk dəfə dil açmağa başlayanda eşitdiyi sözləri təqlid etməyə başlayır və beləcə ana dili formalaşmağa başlayır. Çalışın, ingilis dili daşıyıcılarına qulaq asın, məsələn amerikan, ingilis, avstraliyalıların danışdığı ingilis dili həm qrammatik, həm də leksik baxımdan daha səlisdir.

2.Hədəfinizi müəyyən edin.

Ümumiyyətlə, hər hansı yeni bir məşğuliyyətiniz olduğu zaman onu mənimsəməyin ən yaxşı yolu daimi məşq etməkdir. Xarici dil də belədir. İstifadə olunmazsa, paslanır. Hər gün müəyyən saatı sırf ingilis dilinə ayırın. Bunu daha maraqlı etmək üçün rəngli təqvimlər alıb üzərində qeydlər aparın. Özünüzə hədəflər müəyyən edin. İlk olaraq özünüzə bu sualı verin: “Nəyə görə ingilis dilini öyrənməliyəm?”. Birinci cavab odur ki, ingilis dili beynəlxalq dildir. Dünyanın bir çox ölkəsində rəsmi dildir. İnsanların xarici dil öyrənmə məqsədi fərqli olur. Kimisə sadəcə olaraq iş mühitində istifadə etmək, kimisi xaricdə təhsil almaq istəyir. Məqsədiniz bunlardan heç biri olmasa belə bu dili öyrənməklə siz istədiyiniz mövzuda internetdə rahatlıqla araşdırma edə, film və seriallara heç bir çətinlik çəkmədən baxa biləcəksiniz.

3. Özünüzə “running mate” tapın.

“Running mate” nədir? Bu, sizinlə eyni hədəfləri olan, bir-birinizə motivasiya verə biləcəyiniz yoldaşınızdır. İngilis dilində danışmaq üçün ən azı iki nəfər lazımdır. Speaking bacarıqlarınızı təkmilləşdirmək üçün ingilis dili səviyyəsi sizinlə eyni və ya yaxın olan həmsöhbət tapa bilərsiniz. Bu azərbaycanlı, ya da clubhouse kimi onlayn tətbiqlərdə xaricilər ola bilər. Bu proqramda müxtəlif millətlərdən olan insanlarla müxtəlif mövzularda fikirlərinizi bölüşə bilərsiniz.

4. İngilis dilində çoxlu oxuyun.

Trendi izləyin. Dünyanın BBC, The Guardian, New York Times kimi xəbər saytlarında ən son xəbərləri səsli şəkildə oxuyun. Trenddə olan məlumatlardan xəbərdar olmaqla eyni zamanda ən çox işlənən söz və ifadələri öyrənmiş olacaqsınız. Oxuduğunuz kitab, məqalə və ya xəbərləri səsli şəkildə tələffüz etmək sizin səlis danışıq qabiliyyətinizi formalaşdıracaq.
Yekun olaraq demək istəyirəm ki, hədəf nə olursa olsun, xarici dil öyrənmək hər birimiz üçün vacibdir. Bu yolda səhvləriniz də olacaq, tələffüzünüz düzgün olmaya da bilər. Səhvlərinizdən nəticə çıxararaq inkişaf edəcəksiniz. Unutmayın, başlamaq üçün mükəmməl olmağa ehtiyac yoxdur, amma mükəmməl olmaq üçün başlamaq lazımdır ????

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir